Yanvarın 16-sı (camadius-sani ayının 13-ü) Həzrəti Əbəlfəzl Abbasın (ə.s) anası Ümmül-Bəninin vəfatı günü münasibətilə Həzrətin (ə.s) hərəmində əza məclisi keçirilib.
Xanım Fatimeyi Zəhra (s.ə) şəhadətindən sonra İmam Əli (ə.s) ərəb tayfasından olan Əqilə buyurub: “Mənə ərəblərin şücaətli nəslindən bir zövcə tap ki, mənim üçün ondan igid və şücaətli oğul dünyaya gəlsin”. (Umdətut-talib”, İbn Ənbə, səh.357) Əqil Fatimə Kilabiyyə ilə evlənməyi təklif edib, Həzrət razılaşıb və onunla nikah bağlayıb.
Xanımın adı Fatimə, künyəsi isə Ümmül-Bənidir (oğullar anası). Evlilikdən sonra Xanım “Fatimə” adından imtina etdi ki, Hüseyn və Həsən (ə.s) bu adı eşitdikdə, Fatimeyi-Zəhranın (s.ə) şəhadətini xatırlayıb kədərlənməsinlər. Bütün ömrü boyu Ümmül-Bəni özünü bu ailənin xidmətçisi hesab edirdi.
Ümmül-Bəninin İmam Əli (ə.s) ilə evliliyindən dörd oğlu dünyaya gəlib. Onlardan biri şücaət nümunəsi olan Əbəlfəzl Abbasdır (ə.s). Oğullarının dördü də Kərbəla faciəsində şəhadətə çatıb. Xanım oğullarının şəhadət xəbərini aldıqda yalnız İmam Hüseynin (ə.s) halı ilə maraqlanıb. Buna görə Ümmül-Bəninin məqamı uca tutulur. Belə ki, oğullarının şəhid olmasına baxmayaraq o, öz zəmanəsinin İmamı üçün narahat olub.
Ümmül-Bəni hicrətin 64-cü ilində dünyadan köçüb və Mədinə şəhərinin Bəqi qəbiristanlığında dəfn olunub.