Heyvan orqanlarının insan orqanizminə köçürülməsi məsələsinə şəriətdə heç bir qadağa yoxdur. Şəriət alimləri bu işin halal olduğunu qeyd ediblər.

Yanvarın 11-i TASS-ın verdiyi məlumata əsasən, tibb elmində ilk dəfə donuz ürəyinin insan bədəninə köçürülməsi əməliyyatı baş tutub. Əməliyyatın uğurla keçirilməsi bildirilib. Bir çox müsəlmanda məsələnin şəriət tərəfi sual yaradıb. Belə ki, donuz əti həm haram, həm də nəcis hesab edilir.

Bu tip əməliyyatların keçirilməsi haqda Ayətullah əl-Üzma Sistaninin, Məkarim Şirazinin və bir sıra alimin istiftaatlarında cavab tapmaq olar. Məsələn: Seyyid Sistaninin fətvasına görə, heyvanların, hətta it və donuzun hər hansı bir bədən üzvünü insana köçürmək olar. Lakin it və donuz nəcis sayılır və bir kəsin üzərində nəcasət varsa, bu halda namaz qılmaq olmaz. Alim buna cavab olaraq bildirib ki,  transplantasiya edilən orqan artıq həmin insanın bədən üzvü sayıldığına görə nəcis hesab edilmir. Və buna uyğun olaraq namaza heç bir xələl gətirilmir.

ABŞ-da keçirilən əməliyyat nəticəsində 57 yaşlı David Bennettə donuz ürəyi transplantasiya edilib. Hazırda Davidin vəziyyəti yaxşıdır və yaxın həftələrdə o, həkim nazarətində saxlanılacaq.