Kriptovalyutalar bir çoxları üçün gündəlik gəlir mənbəyi hesab edilir. Bəziləri isə pul müqabilində aktivlər alıb, illər sonra onları baha qiymətə satmağa çalışır. Lakin müsəlmanlar üçün bu tip əməliyyatların şəriət tərəfindən icazəli olub-olmaması sual doğurur. Mövzu haqda Sirat.az araşdırma aparıb.
Hər bir şəxs “Binance”, “Bingbon” və digər birjalarda qeydiyyatdan keçib valyuta və kriptovalyutaların ticarətilə məşğul ola bilər. Hazırda bu aktivlərin ən dəyərlisi “Bitcoin” adlı valyutadır.
İslam alimlərinin əksər hissəsi belə ticarətlərin halal olmasına dair fətva vermir. Lakin Vahid Xorasani, Safi Gulpəyqani, Nuri Həmədani və Məkarim Şirazi kimi müctəhidlər “Bitcoin”-in alqı-satqısını haram hesab edir. Məkarim Şirazi qoyduğu bu qadağanı belə izah edir: ““Bitcoin”-in malik olduğu bir çox qeyri-müəyyənliklərə, bu valyutanın mənbəyinin aydın olmamasına və etibarlılığının çox vaxt hökumətlər tərəfindən qəbul edilmədiyinə görə onun ticarətinə icazə verilmir. O, həmçinin bir çox sui-istifadələrin mənbəyidir”.
Ayətullah Sistaninin nümayəndəsi – Seyyid Rəşid Hüseyni alimin bu haqda rəyinin olmadığını bildirib. Belə ki, istər “Bitcoin”, istərsə də digər kriptovalyutaların ticarəti ilə bağlı müctəhidin nə halal, nə də ki haram fətvası var. Seyyid Əlinin risalə və istiftaatında yalnız real pulların elektron versiyasının alqı-satqısı məsələləri var. Belə valyutaların ticarətinə sələmdən qorunmaq şərti ilə icazə verilir.
Ayətullah Xamenei də Seyyid Sistani kimi bu məsələyə heç bir rəy bildirməyib.
Kriptovalyuta – mübadilə vasitəsi olaraq yaradılan rəqəmsal aktivdir. Bu valyuta növü fiziki formada mövcud deyil və hər hansısa bir mərkəzi hakimiyyət tərəfindən dövriyyəyə buraxılmır. Dünyada ilk kriptovalyuta 2009-cu ildə dövriyyəyə buraxılan “Bitcoin” olub.