14 yanvar tarxində Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn saxlanıldığı 8 saylı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm dispanserinə köçürülüb. Bu barədə Abbas Hüseynin anası Rəhimə xanım xəbər verib.

Onun sözlərinə görə, koronavirus xəstəliyindən sağalmamış o, müalicə adı ilə heç bir müayinə olunmadan Ədliyyə Nazirliyinin vərəm dispanserinə yerləşdirilib. 8 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi bildirib ki, yüksək allergik həssaslığı səbəbindən Abbas Hüseynə koronavirus əleyhinə peyvənd vurulmayıb. Onda COVID-19 virusu aşkar olunduğu üçün o, müalicə mərkəzinə göndərilib.

Bu məsələ sosial şəbəkələrdə rezonansa səbəb olub. Bildirilir ki, Abbas Hüseyn ilə əlaqə saxlamaq mümkün deyil. Lakin Abbasın anasının sözlərinə görə, o, oğlu ilə əlaqə saxlayıb və oğlunun soyuqdan donduğunu deyib. Aidiyyatı qurumlara zəng edirəm, mənə cavab verən yoxdur. Mənim balamı niyə öldürürlər? Kimə şikayət edim? Şikayətə baxan da yoxdur”, – Abbasın anası əlavə edib.

Müsəlman Birliyi Hərəkatının fəal üzvlərindən olan Abbas Hüseyn 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində keçirilən əməliyyatlar zamanı həbs edilib. 2017-ci ilin yanvarında isə ona 20 il həbs cəzası verilib.