Əlixan Rəcəbov çəkdiyi filmlə bağlı ilahiyyatçı Hacı Şahinlə görüşüb. Onlar filmə edilən tənqidləri birlikdə müzakirə ediblər. Bu haqda yanvarın 16-sı bloger öz instagram səhifəsində məlumat verib.
Rəcəbovun sözlərinə görə, film din haqqında yox, xurafat haqqındadır. “Məsələ ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli ilə də görüşümüz oldu. O da din xadimi kimi bəzi iradlarını bildirdi və bu kimi məsələlərdə daha diqqətli olmağımızı tövsiyə etdi. Hacıya da bizi qəbul etdiyinə görə təşəkkür etdik və gələcək işlərimizdə bu cür həssas mövzularda daha diqqətli olacağımızı bildirdik”, – deyə bloger bildirib.
Hacı Şahinin öz facebook hesabında verdiyi məlumata əsasən, o, Əlixan Rəcəbovla görüşüb və xurafatla mübarizə aparmağın vacibliyini müzakirə edib. Din xadimi filmin yaradıcı heyətinin kiminsə inancına toxunmağı düşünmədiyini əlavə edib. Belə ki, onlar inanclı insanların da adını bədnam edən ünsürləri ifşa etməyi hədəfləyiblər. “Mən də müzakirə mövzusu olan məsələlərlə bağlı şəxsi fikir və iradlarımı bildirdim, fikirlərim hörmətlə dinlənildi”, – Şahin Həsənli qeyd edib.
“Sonuncu şam yeməyi” adlı bədii film yanvarın 7-si youtube sosial şəbəkəsində paylaşılıb. Film bir çoxlarının qınaq və tənqidinə səbəb olub. Bugünədək artıq 900 minə yaxın insan bu filmi izləyib və onun sosial şəbəkələrdən silinməsi barədə heç bir məlumat verilməyib.