Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədov namaz qılmağa başlayıb. Bu barədə yanvarın 14-də Lent.az xəbər verib.
Məlumata görə, DTX-nın istintaq təcridxanasında monitorinq keçirilib. Komitənin sədri Tural Hüseynov və hüquq şöbəsinin rəhbəri Rövşən Məmmədov təcridxanada saxlanılan şəxslərlə görüşüblər.
Sədrin sözlərinə görə, bir sıra saxlanılanlarla yanaşı, Alimpaşa Məmmədovla da görüş keçirilib. O, saxlanma şəraitindən narazı olmadığını, hətta namaz qılmağa başladığını da deyib. Bundan əlavə, sabiq icra başçısı şeir yazdığını və iqtisadi layihələr üzərində çalışdığını qeyd edib.
Alimpaşa Məmmədov 2014-2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, 29 aprel 2021-ci il tarixində “mənimsəmə”, “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma”, ”vəzifə səlahiyyətlərindən sui-istifadə”, “təkrar, külli miqdarda rüşvətalma” maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.