Bakının 8 Noyabr prospekti ünvanında şüşədən tikilmiş ibadətgah yerləşir. Namaz otağı kimi fəaliyyət göstərən bu məkan məscidəbənzər formada və tam olaraq şüşədən tikilib.
Tikilinin daxili sahəsi təqribən 10 kvadratmetr təşkil edir. Buranın həyətində, həmçinin dəstəmaz almaq üçün su kranları quraşdırılıb. Kiçik ibadət evinin minarəsi olmasa da, damında şüşədən günbəz inşa edilib. İbadətgah, hətta kondisionerlə də təchiz olunub. Otağın daxili Kəbə evinin şəkli, Ayət əl-Kursi və Fatihə surəsi ilə bəzədilib.
İbadət otağının şüşədən olması bir sıra insanda şəkk yarada bilər. Belə ki, bəziləri hesab edir ki, güzgü qarşısında namaz qılmaq bəyənilmir və ya ümumiyyətlə, icazəli deyil. Lakin şəriətdə belə bir qadağa mövcud deyil.