14 yanvarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanın baş keşişi (vukari), Müqəddəs Pyotr Kilsəsinin rəhbəri kardinal Mauro Qambetti ilə görüşüb. Bu barədə AZƏRTAC-a istinadən QMİ-nin mətbuat xidməti məlumat verib.
Görüşdə Azərbaycanda dini icmalar arasında olan tolerant mühitdən söhbət açılıb. Ölkədə dinlərarası münasibətlərin dünyaya nümunə olduğu vurğulanıb. Daha sonra Mauro Qambettiyə işğaldan azad olunan ərazilərdə Ermənistan tərəfindən dini abidələrin dağıldığını sübut edən fotofakt kitabı təqdim edilib.
Kardinal Mauro Qambetti öz növbəsində, Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir işlərinin əhəmiyyətini qeyd edib və Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Görüş Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayevin iştirakı ilə keçib.