Yanvarın 13-ü din xadimi Hacı İlqar İbrahimoğlu “Sonuncu şam yeməyi” filminə münasibətini bildirib. Bu barədə ilahiyyatçı çıxışını öz youtube kanalında paylaşıb.

Hacı İlqarın sözlərinə görə, bəzi din xadimlərinin savadsızlığını göstərməyin başqa yolları var. Filmdə Quran ayələrinin səhf tilavət olunması düzgün deyil. O, insanların dini inanclarının, İslam şəriət və ehkamının lağa qoyulması məsələsini bəyənmədiyini qeyd edib. “Həm Taleh bəyin, həm də Əlixan bəyin tənqid olunan mövzuları ictimaiyyətə daha məzmunlu və daha səviyyəli şəkildə çatdırmaq potensialı var”, – deyə din xadimi bildirib. O hesab edir ki, belə filmlər islamofob assosiasiyalara gətirib çıxardır.

Bundan əlavə, Hacı İlqar İbrahimoğlu filmdə ictimai problemlərin həlli yollarının göstərilməməsi məsələsinə də toxunub. Belə ki, o, filmdə yalnız neqativ obrazların olduğunu vurğulayıb.

Sosial şəbəkələrdə isə insanların bir qismi kadrlarda Azərbaycanda keçirilən yas mərasimlərinin real problemlərinin əks olunduğunu hesab edirlər. Lakin digər bir qisim isə bunun məsələyə tam olaraq aidiyyatı olmadığını və yaslarda meyxana ilə qarşılaşmadıqlarını bildiriblər.

“Sonuncu şam yeməyi” adlı video yanvarın 7-si youtube sosial şəbəkəsində paylaşılıb və 700 mindən çox izləmə toplayıb.