Dövrün ələm müctəhidlərindən sayılan Ayətullah əl-Üzma Fazil Lənkərani 1931-ci ildə İranın Qum şəhərində dünyaya gəlib. Onun atası mərhum Ayətullah Fazil Lənkərani Qəfqazi Lənkəranın Ərkivan kəndində dünyaya gəlib. Sonralar Şeyx Qafqazi Quma köçüb və İmam Museyi-Kazimin (ə.s) nəslindən olan bir xanımla ailə həyatı qurub. Bu evliliyin dördüncü və yeganə ruhani oğlu məhz Fazil Lənkəranidir.
Məktəbdə oxuyarkən Şeyx Lənkərani bir sıra mükafatlarla təltif olunub. Müəllimi onun ali məktəbə daxil olmasına təkid etsə də, o, İslam elmlərinə maraq göstərib. Gənc şagird altıncı sinifdən məktəbi tərk edib və dini hövzəyə qəbul olub. Tələbəlik illərində o, 10 ilə tədris olunan proqramı 6 ilə bitirib. Alimin öz sözlərinə görə, 19 yaşında o, Ayətullah Burucerdinin xaric dərslərində iştirak edib. “Bəziləri mənə deyirdi ki, bu dərsə getməyim, çünki ustadın dərslərini başa düşmərəm. Amma mən bu deyilənlərə əhəmiyyət vermirdim və dərsləri gözəl başa düşürdüm”, – deyə Şeyx Lənkərani söyləyib. Bundan sonra Fazil Lənkərani üsul və fiqh elmlərinin tədrisi ilə məşğul olub. Sonralar isə o özü şərhi-lümə, üsul, fiqh və bir sıra elmlər üzrə dərs deməyə başlayıb. Sonralar Şeyx Fazil İslam aləmində tanınmış və ələm mərcei-təqlidlərdən biri kimi tanınıb. O, bütün ömrünü Qum şəhərində İslam elmlərini tədris eməklə və çoxlu sayda tələbə yetişdirməklə keçirib.
Uzun sürən xəstəlikdən sonra Ayətullah Fazil Lənkərani 16 iyun 2007-ci il tarixində 76 yaşında vəfat edib. Alimin dəfn mərasimi iyun ayının 18-i 2007-ci il tarixində İranın Qum şəhərində keçirilib. O, 7-ci İmam Museyi-Kazımın (ə.s) qızı Həzrəti Məsumənin (s.ə) hərəmində dəfn edilib.
Mənbə: Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.