Bəzən işgüzar görüşmələrdə, işdə, ailə üzvləri ilə gəzintidə, alış-verişdə və yaxud əyləncə məkanlarında olarkən namazın vaxtı çatır. Ehtimal var ki, bu zaman yaxınlıqda məscid yerləşməsin və insanlar namazlarını qəzaya versinlər. Lakin bəzi ictimai obyektlərdə namaz otaqları fəliyyət göstərir. Bu haqda sirat.az araşdırma aparıb.
“Caspian Plaza”-nın 11-ci mərtəbəsində, “Demirchi Tower”-ın 4-cü mərtəbəsində, “Bridge Plaza” və “Park Bulvar”-nın mənfi 1-ci mərtəbələrində, “Nizami Mall”-un 1-ci mərtəbəsində və “Dəniz Mall”-un “The Bagel Bar” kafesində (müştərilər üçün) namaz otağı mövcuddur.
Əldə etdiyimiz məlumata görə, “Metropark”-da yerləşən namaz otağında hazırda təmir işləri aparılır. “Megafun” əyləncə mərkəzinin 1-ci mərtəbəsində də namaz otağı var, lakin əyləncə mərkəzinin başqa ünvana köçürülməsi ilə bağlı fəaliyyəti dayandırılıb.
Ayrıca, “Af Mall”, “28 Mall”, “Gənclik Mall”, “Khagani Shopping Mall”, “Chirag Plaza”, “Sat Plaza”, “Babek Plaza”-da namaz otaqlarının olmadığı bildirilib.
Qeyd: Şəriət və qanun baxımından açıq havada, parklarda namaz qılmaq icazəlidir.
“Şübhəsiz, namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir”. (Nisa, 103)