Niyyət məqsəd, əzm və şüur, bir şeyi qərara alıb o işin nə üçün edildiyini anlamaq deməkdir.

Bütün əməllər niyyətə bağlıdır. Əməllərimizin nəticə etibarilə niyyətimiz qədər dəyəri olur. Niyyət əməldən o gədər üstündür ki, ibadət olmayan yerdə, Allaha yaxınlıq niyyəti ilə əməl görülürsə, bu əməl ibadət dərəcəsinə çata bilər. Məsələn, yemək namaz qılmaq üçün güc toplamaq niyyəti ilə olduğu halda, insanın qida qəbulu ibadət kimi qəbul oluna bilər. Və əksinə, namazın, orucun və digər ibadətlərin niyyəti düzgün deyilsə, namaz fiziki aktivlik, oruc isə pəhriz niyyəti ilə edilərsə, o zaman əməllərin faydası olmaz.

Peyğəmbər (s) buyurub: “İnsanın niyyəti əməlindən yaxşıdır, pis insanın niyyəti isə onun əməlindən də pisdir. Hər bir insanın əməli niyyətinə bağlıdır”.

İmam Sadiq (ə.s) buyurub: “Allah-taala qiyamət günü insanlardan fikirləri və qəlblərindəki niyyətləri əsasında hesab çəkəcək”.

İmam Zeynəlabidin (ə.s) buyurub: “Heç bir əməl niyyətdən başqa bir əsasla qəbul olunmayacaq”.

Zeyd Şəham nəql edir ki, İmam Sadiqə (ə.s) dedim: “Mən sizdən belə buyurduğunuzu eşitmişəm: “Mömin şəxsin niyyəti əməlindən yaxşıdır”. Bu necə ola bilər ki, niyyət əməldən yaxşı olsun?” İmam cavabında belə buyurdu: “Bu ona görədir ki, çox vaxt əməllərdə riya baş verir, lakin pak və xalis niyyət yalnız aləmlərin Rəbbinə xatirdir. Buna görə də Allah-təala niyyətin savabını əməldən üstün qərar vermişdir”.

“Cəhənnəm əhli cəhənnəmdə ona görə əbədi qalacaqlar ki, onların dünyada niyyətləri bundan ibarət idi: əgər dünyada əbədi qalsaydılar, həmişə Allaha itaətsizlik edəcəkdilər. Behişt əhli də ona görə behiştdə əbədi qalacaqlar ki, onların dünyada niyyətləri bu idi: əgər dünyada diri qalsaydılar, həmişə Allaha itaət edəcəkdilər. Deməli, hər iki qrup niyyətlərinə görə Cəhənnəm və behiştdə əbədi qalacaqlar”.