Həcc və Peyğəmbər (s) məscidində Zəmzəm suyunun robotlar vasitəsilə paylanma prosesi bərpa ediləcək. Bu barədə yanvarın 11-i thestar xəbər verib.
Bildirilib ki, robotlar süni intellekt texnologiyası ilə çalışır və onların işi ziyarətçilərə göstərilən xidmət prosesini asanlaşdırır. Aparatların suyu paylama gücü 10 dəqiqə ərzində 30 şüşəyə bərabərdir. Qeyd olunub ki, bu rejimdə robotlar dayanmadan 8 saat çalışa bilər.
Zəmzəm Suvarma İdarəsinin katibi sözügedən tədbirlərin zəvvarların təhlükəsizliyi üçün önəm daşıdığını deyib. Bundan əlavə, Məscidul-Həramda zəmzəm suyunun insanlara paylanması üçün təmassız sensorların hazırlanması da planlaşdırılır. Bütün bu texnologiyalar ziyarətçiləri həm digər əşyalara toxunmaqdan, həm də insanlarla təmasdan qoruyacaq.
Zəmzəm suyu Məkkə şəhərindən təqribən 20 metr şərqdə yerləşən bulaqdır. Rəvayətlərə görə, bir zamanlar İbrahim (ə.s) Peyğəmbərin körpə oğlu İsmayıl (ə.s) susuzluqdan əziyyət çəkərək ağlayırdı. Bu zaman Allah tərəfindən zəmzəm bulağı yaradıldı. Bulağın yaranması barədə bir sıra rəvayət mövcuddur. Bir versiyaya görə, İsmayıl ayaqlarını yerə sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Digər bir rəvayətə əsasən, Cəbrayıl mələk öz əsası ilə yerə toxunur və həmin yerdən su çıxır.