Ötən il ərzində İmam Rzanın (ə.s) hərəmində 12 nəfər İslamı qəbul edib. Bu barədə Rəzəvi hərəminin saytında xəbər verilib.

İslama iman gətirənlər Almaniya, Belarus, Əfqanıstan, İsveç, Rumıniya, Keniya, Mavriki, Tayland və Panama sakinləri olan ziyarətçilərdir. Onlardan 7-si kişi, 5-i isə qadındır.

Həmin insanlar üçün hərəmdə mərasim təşkil olunur və İslamı qəbul etmə haqqında şəhadətnamə verilir. Xarici Zəvvarların İşləri üzrə müavininin iştirakə ilə yeni müsəlmanlara hədiyyələr də təqdim edilir. Bundan əlavə hərəmin mütəxəssisləri sonralar həmin insanlarla əlaqə saxlayır və onların suallarını cavablandırırlar.

Ötən ilin noyabrında Mavrikidən olan 30 yaşlı xristian İmam Rza (ə.s) hərəmini ziyarət edərkən İslamı qəbul edib. Hər il onlarla insan hərəmdə İslam dininə gəlir. Lakin son ildə COVID-19-a yoluxma sayının artmasına görə belə hadislərin sayı azalıb.