Məscid Bərdə şəhərinin mərkəzində yerləşir. İbadətgahın giriş qapısının üstündə hicri təqvimi ilə 1324-cü (1905) il tarixi göstərilib. Lakin ehtimal olunur ki, bu tarix məscidin bərpa edildiyi ili bildirir.
Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadət evinin minbəri yeddipilləlidir və taxtadan düzəldilib. Məscidin mehrabı tağvari formadadır. İbadətgahın qoşa minarəsi kərpicdəndir və məscidin damından ucaldılıb. Minarələr dairəvi formadadır, qübbələri isə ağ dəmir təbəqə ilə işlənib. Məscidin ön tərəfində açıqşəkilli eyvan var. İbadət evi qadınlar və kişilər şöbəsinə bölünür. Qadınların ibadət zalı ikinci mərtəbədə yerləşir.
Bərdə şəhər Cümə məscidi sovet dövrundə anbar, məktəb və arxiv binası kimi fəaliyyət göstərib. Lakin 1990-cı ildən sonra məscid yerli sakin Məşədi Ramazanın təşəbbüsü və yerli əhalinin vəsaiti ilə təmir edilib.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlər ensiklopediyası, Bakı 2001.
- Aynur Talıbova. “Get Closer to Azerbaijan”.
- http://berde-ih.gov.az