Videobloger Əlixan Rəcəbovun çəkdiyi sonuncu youtube filmi qınağa səbəb olub. “Sonuncu şam yeməyi” adlı youtube videosunda dini ayinlərin və yas mərasiminin məsxərəyə qoyulduğu hesab edilir.

Film Taleh Yüzbəyov, bir sıra aktyor və meyxanaçının iştirakı ilə çəkilib. Video yanvarın 7-si youtube sosial şəbəkəsində paylaşılıb və 700 minə yaxın izləmə toplayıb. Kadrlarda ən çox qınanılan yas mərasimində meyxananın oxunulmasıdır. Bir çoxları isə hesab edir ki, filmdə Azərbaycanda keçirilən yas mərasimlərinin reallığı əks olunub. Bir tərəfdən savadsız molla, digər tərəfdən isə gözü pulda olan qəbiristanlıq işçiləri. Lakin bir qrup insan da mollanın Quran oxumasını tənqid edib. Belə ki, onun müqəddəs ayələri səhv oxuması Qurana təhqir və məsxərə kimi qəbul olunub.

Sosial şəbəkə istifadəçilərindən biri yazıb: Son filmdə bunların hansının baş verdiyini demək bir az çətindir. Amma dini toplumu narahat edən səhnələrin olması aktyorlara başıucalıq gətirmədi. Mən qəbul edirəm ki, bütün sahələrdə olduğu kimi, dini sahədə olan şəxslərdə də nöqsanlar və səhvlər var. Amma bunu tənqid edərkən bütün toplumu ələ salmaq sadəcə biabırçılıqdır”.

Əlixan Rəcəbov 1991-ci ildə Bakı şəhərində anadan olub. Təhsilini Milli Aviasiya Akademiyasında alıb. 2014-cü ildə ANS telekanalında yayımlanan Comedy.az layihəsində çıxış  edib. 2016-cı ildə isə fərdi olaraq videoblogerliklə məşğul olmağa başlayıb. 2017-ci ildə isə o, “Kəklikotu” filmində çəkilib. Sonralar bloger “Ağacdələn” , “Qış nağılı” və “Əlvida Şmidt!” filmlərində baş rollarda yer alıb.