İbn Hişam Əşa ərəblərin cahiliyyət dövründə yaşayan məşhur şairlərin birindən belə yazır: O, Rəsuli-Əkrəmin (s) besətindən (peyğəmbərliyə seçilməsindən) sonra, İslam dinini qəbul etmək üçün Məkkəyə – Həzrətin yanına yola düşdü. O, Həzrətin mədhi və tərifi barədə uzun bir qəsidə də söylədi. Nəhayət, Məkkənin yaxınlığına çatdıqda, Məkkə müşriklərindən biri onunla rastlaşdı və ondan “Hara gedirsən!” – deyə soruşdu. Şair cavab verib: “Məhəmmədə iman gətirmək üçün Məkkəyə gedirəm!” – deyə cavab verdi.

Müşrik şəxs (Əşanın müsəlman olandan sonra gözəl bəyan ilə İslam dini və İslam Peyğəmbərinə çoxlu köməyi dəyəcəyini hiss edib) dedi: “Məhəmməd zinanı haram etmişdir”.

Əşa dedi: “Allaha and olsun ki, mənim ona ehtiyacım yoxdur”.

Müşrik dedi: “O, şərabı da haram etmişdir”.

Əşa bir az fikirləşib dedi “Amma Allaha and olsun ki, mən hələ bu içkidən doyunca istifadə etməmişəm. Qoy, onda bu il qalsın, gələn ilə qədər doyunca ondan bəhrələnib, sonra Məhəmmədin yanına gedər və müsəlman olaram”.

Əşa bu sözləri deyib, geri qayıtdı və təsadüfən, həmin il də, dinsiz dünyadan getdi.