Bu gün Azərbycanda Fast-Food adlanan qidalarda istifadə edilən ətin halal olub olmaması müsəlmanlar arasında aktual mövzulardan biridir. Məsələni anlamaq üçün ilk öncə şəriətin buyurduğu qaydalarla tanış olmaq lazımdır. Burada heyvanın kim tərəfindən, harada və hansı qaydalarla kəsilməsi önəm daşıyır. Sirat.az məsələ ilə bağlı araşdırma aparıb.

Ayətullah əl-Üzma Seyyid Sistaninin fətvasına əsasən, müsəlman ölkəsində kəsilən ət üzərində “Halal” yazısı olmasa belə, həmin ət halal sayılır. Müsəlman ölkə dedikdə bu ya İslam dövləti, ya da həmin ölkədə yaşayan insanların əksəriyyətinin müsəlmanlardan ibarət qeyri-İslam dövləti olmasıdır.

Heyvan ilk növbədə müsəlman şəxs tərəfindən kəsilməlidir. Vacib ehtiyata əsasən, qeyri müsəlmanın kəsdiyi heyvanın ətini yemək icazəli deyil. Hökmə əsasən, vacib olan ətin harada kəsilməsi deyil, kim tərəfindən kəsilməsidir. Əgər ət qeyri- müsəlman ölkəsində kəsilibsə, o əti kəsən şəxsin müsəlman olması vacibdir. Əks halda həmin əti yemək haram sayılır. Hətta müsəlman ölkəsində istehsal olunan heyvanın əti belə müsəlman tərəfindən kəsilməlidir. Lakin müsəlman ölkəsində istehsal olunan ətin kim tərəfindən kəsilməsi bilinmirsə, həmin əti yemək caizdir.

Azərbaycanda “McDonald’s”-dan aldığımız məlumata əsasən, müştərilərə təklif olunan ət xaricdən gətirilir və məhsulun halal olması haqda sertifikatı yoxdur. “Meatadore”, “Bir-İki dönər” və “Fryday” heyvanların Azərbaycanda kəsildiyini iddia edir. Lakin “Meatadore” məhsulun halal olması haqda sertifikatın olmadığını bildirib. “Dominos Pizza”, “Papa Johns”, “Əjdaha dönər” öz saytlarında satılan ətin halal olduğunu qeyd edib. “Shaurma N1”-dən aldığımız məlumata görə, məhsul xaricdən gəlir, lakin şirkətin bəzi filiallarında yerli məhsulun satılması da söylənilib.

2019-cu ildə Halal məhsulların sertifikatlaşdırılması üzrə akkreditasiya edilmiş “Azesert Halal” MMC adlı qurum cərimələnib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) ilə təqsirli bilinib.