Bir nəzəriyyəyə görə, bugün, dekabrın 7-si İslam Peyğəmbərinin (s) qızı Xanım Fatimənin (s.ə) şəhadəti günüdür. Fatimeyi Zəhra (s.ə) 14 məsumdan (ə.s) yeganəsidir ki, bugünədək məzarı gizli qalıb.

Zəhra binti Məhəmməd (s.ə) besətin 5-ci ilində cəmadiul-axir ayının 20-si Məkkədə dünyaya gəlib. Atası Həzrəti Məhəmməd (s), anası isə Xanım Xədicə (s.ə) olub. Həzrəti Zəhra Peyğəmbərin sağ qalan tək övladı idi və Həzrətin nəsli qızı Fatimədən davam edib. Rəsullulah yeganə qızını öz canişini İmam Əliyə (ə.s) ərə verib və İmamət bu evlilik nəticəsində davam edib. Onların övladları İmam Həsən (ə.s), İmam Hüseyn (ə.s) və Xanım Zeynəb (s.ə) olub.

Həzrəti Peyğəmbər (s) dünyadan köçəndən 90 gün sonra 18 yaşlı Xanım Zəhra (s.ə) Mədinə şəhərində şəhadətə çatıb. O, öz vəsiətinə əsasən, gecə vaxtı gizlincə dəfn olunub. Xanımın məzar yeri bugünədək sir olmaqda qalır. Bütün bunlara səbəb isə Fatimeyi-Zəhranın (s.ə) bəzi insanlardan inciməsi olub. Həmin şəxslər vəhy evinə hücum edərək Peyğəmbər qızını qabırğaları sınanadək döyüblər. Nəticədə Xanım xəstə qalıb və bir müddətdən sonra şəhadətə çatıb. Bəzi rəvayətlərdə Xanımın bətnində olan körpəsinin də vəfat etməsi deyilir.

Peyğəmbər (s) qızı Fatiməyə (s.ə) buyurmuşdur: “Həqiqətən, Allah sənin razılığınla razı olur və qəzəbinlə də qəzəblənir” (Müstədrəküs-səhiheyn”, c.3, səh.154).

Xanım Fatimənin cənazə namazı və dəfn mərasimində yalnız ailə üzvləri və ən yaxın səhabələr iştirak ediblər. Bunlar İmam Əli (ə.s) Həsən (ə.s), Hüsеyn (ə.s), Əmmar, Miqdad, Əqil, Zübеyr, Əbuzər, Salman, Bürеyd və Bəni-Haşimdən bir nеçə nəfərdir.

O gündən 14 ərs keçməsinə baxmayaraq, Xanımın (s.ə) şəhadət günləri hər il möminlər tərəfindən matəm kimi qeyd olunur. Həmin günlərə “Əyyami Fatimiyyə”, yəni Fatimə günləri deyilir və matəm 20 gün müddətində davam edir. Bugün Əyyami Fatimiyyənin son günüdür. Bu 20 gün müddətində hər gün dünya və Azərbaycan məscidlərində Xanımın şəhadəti anılıb. Bakının Məşədi Dadaş, Xanım Zəhra, Şah Hüseyn və bir sıra digər məscidlərində şam namazından sonra matəm məclisləri təşkil olunub.