Bugün, yanvarın 6-sı Bakıda, Yeni Günəşlidəki Xanım Zəhra (s.ə) məscidinin açılışı keçirilib. Tədbirdə Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Bu barədə Report xəbər verib.
Məsciddə eyni anda 1800 nəfər ibadət edə bilər. İbadət evinin tikintisində ağac materiallardan istifadə edilib, ibadət zalı isə havalandırma sistemi ilə təchiz olunub. Məsciddə 42 metr hündürlüyündə iki minarə ucaldılıb. Burada, həmçinin hündürlüyü 25 metr olan günbəz inşa edilib. Yeni kompleksdə dəstəmaz almaq və ibadət etmək üçün əlavə binalar da tikilib. Məscidin ətrafında isə yaşıllıq salınıb.
Məscidin tikintisinə 1990-cı illərin sonunda başlanılıb. Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə “Fatimeyi Zəhra” məscidi dini icmasına məscid komleksinin tikintisinə icazə verilib. Sonradan tikinti işlərinə imkan verilməyib. Bakı şəhər İcra Hakimiyyəti 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki – 1179 saylı sərəncam etibarsız hesab edilib. Bir müddət sonra isə məscidin qanunsuz tikili kimi sökülməsinə qərar verilib. Lakin 2009-cu ildə məscidin sökülməsinə dair məhkəmə qərar çıxarsa da, 2010-cu ildə Prezident İlham Əliyev bu qərarı ləğv edib. Bundan sonra məscid Qafqaz Müsəlmanları İdarəsinin balansına verilib.
Şəkillər: Report.az