İmam Hüseyn (ə.s) hərəminə bağlı Kərbəla peyk kanalı Cənnət Xanımı filmi haqqına danışıb. Film bir sıra alimin qadağasına baxmayaraq, izləyicilər tərəfindən dəstəklənib. Bu barədə yanvarın 4-ü shiawaves xəbər verib.

Bildirilib ki, filmdə Əhli Beytin (ə.s) məruz qaldığı zülmlərdən bəhs edilir. Önəmli məqamlardan biri isə, kinoda Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhranın (s.ə) qatillərinin adları ilə çağırılmasıdır.

Safi Gulpəyqani, Məkarim Şirazi, Nuri Həmədani və Cəfər Sübhani kimi İslamın böyük alimləri bu filmi izləməyin haram olduğunu deyib. Onlar bunu məzhərblərarası sülhün pozulmasına təsir göstərdiyini bildirib.

Bəzi müsəlmanlar alimlərin belə fikrini dəstəkləyir. Lakin bəziləri hesab edir ki, Xanım Zəhraya qarşı (s.ə) edilən zülmlər dünyaya tanıtdırılmalıdır.

“Cənnət xanımı” adlı filmin təqdimatı 10 dekabr 2021-ci ildə ABŞ-ın Nyu-York şəhərində baş tutub. Sonralar təqdimat Vaşinqtonda da keçirilib. Filmdə İslam tarixində Xanım Zəhraya (s.ə) edilən zülmlərin müasir dövrdə əksi olaraq İŞİD-in törətdiyi vəhşiliklər göstərilib.