Yanvarın 13-də Azərbaycandan Ümrə ziyarətinə növbəti zəvvar qrupu yola düşəcək. Səfərə qoşulmaq üçün Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) müraciət etmək lazımdır. Bu barədə Trend xəbər verib.

QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri Ümrə ziyarəti üçün yeni tələbi açıqlayıb. Belə ki, artıq ziyarətgahlarda insan sayının çox olduğu halda açıq havada da maska taxmaq vacibdir.

Şöbə müdirinin sözlərinə görə, ziyarətə gediş haqqı təxminən 1440 dollar təşkil edir. Bura təyyarə ilə səfər, hoteldə qalmaq, qidalanma və transfer daxildir. Bildirilib ki, hotellərə görə qiymət dəyişə bilər. Zəvvarlar 3 gün Mədinədə, 4 gün isə Məkkədə qalacaq. Ziyarətçilər AZAL-ın birbaşa reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə yollanacaq. Ciddədən isə zəvvarlar avtobusla Mədinə şəhərinə aparılacaq.

Səfər üçün COVID-19 pasportunun olması zəruridir. Bundan əlavə həm ziyarətə getdikdə, həm də Azərybaycana qayıtdıqda PCR testi verilməlidir. Lakin Azərbaycana qayıdarkən test QMİ tərəfindən təmin ediləcək. Həmçinin bildirilib ki, 2 “Sinovac” peyvəndi qəbul edilmir. Zəvvarlar ya 2 “Sinovac” və 1 “Pfizer” və ya 2 “Pfizer” vaksini ilə aşılanmalıdır.

Bundan əvvəl, Ümrə ziyarətinə qeydiyyat dekabrın 14-də başlayıb. Həmin dönəmdə gediş haqqı 1440 dollar təşkil edib.