Koreyalı müsəlman Quranı Koreya dilinə tərcümə edib. Bu barədə yanvarın 3-ü İQNA xəbər verib.

Cənubi Koreyada yaşayan Hamid Choi universitetdə ərəb dili üzrə müəllim işləyir. Ömrü boyunca o, 90-dan çox kitab tərcümə edib. Müqəddəs Quranın tərcüməsinə isə müəllim 7 il vaxt sərf edib.

Koreya Müsəlmanları Federasiyasının hesablamalarına əsasən, müsəlmanlar ölkə əhalisinin təxminən 0,38%-ni təşkil edirlər. Bu isə 200 min insan sayına bərabərdir.

Tarixdə Quranın yalnız bir hissəsi ilk dəfə VII əsrdə Fars dilinə tərcümə edilib. Tam olaraq isə müqıddıs kitab IX əsrdə Hind dilinə tərcümə olunub.

Quran kitabının Azərbaycan dilinə ilk tərcüməsi isə 1904-cü ildə xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü ilə baş tutub. O zamanlar ruhanilər Quranın ərəb dilindən qeyri dillərə tərcüməsinə qarşı idilər. Onlar, müqəddəs kəlamlarının ilahi mənşəli olduğunu və buna görə heç kimin onların mənasını dəyişdirməyə haqqı olmadığını iddia edirdilər. Lakin Tağıyev Qazi Mirməhəmməd Kərimi Bağdada göndərib. Oradan tərcümə üçün məşhur ərəb alimlərinin rəsmi icazəsini gətirib. Tərcüməçi məhz Kazi Mirməhəmməd Kərimin özü olmuşdur. 1991-ci ildə isə professor V.M.Məmmədəliyev akademik Z.M.Büniyatovla birlikdə Quranın ərəbcədən Azərbaycan dilinə tərcüməsini nəşr ediblər. Hazırda həmin tərcümə ən düzgün hesab edilir.