Türbə Bakının Mərdəkan qəsəbəsində, Pir-Həsən qəbristanlığında yerləşir. Məqbərə 1910-cu ildə xeyriyyəçi Murtuza Muxtarov tərəfindən inşa edilib.

Ziyarətgah Axund Mirzə Əbu Turabın qəbri üzərində tikilib. Axund Mirzə Əbu Turab 1815-ci ildə Bakının Əmircan kəndində anadan olub. Əbu Turab ilk təhsilini o zaman Bakının Mirzə Həsib Qüdsinin mədrəsəsində alıb. Sonra o, təhsilini Mədinədə davam etdirib. Daha sonra isə Bağdadda ali ruhani məktəbini bitirib, riyaziyyat, coğrafiya, ədəbiyyat, məntiq və s. elmləri, həmçinin ərəb, fars, türk və rus dillərini bilib. Əbu Turabın təşəbbüsü ilə kənddə ilk qızlar mədrəsəsi açılıb. Axund Mirzə Əbu Turab 1908-ci ildə vəfat edib.

Hacı Zeynalabdin Tağıyev ölərkən vəsiyyət etmişdi ki, onu Axund Əbu Turabın qəbrinin ayağ tərəfindən dəfn etsinlər: “Çünki onun ayağının bildiyini mənim başım da bilmir” demişdi. O, vəsiyyətinə uyğun olaraq dəfn olunub.

Türbənin mərkəzi hissəsində qəbir yerləşir. Qəbirin hər iki tərəfində ərəb dilində yazılar var. Məqbərə səkkizguşəli tağlardan ibarətdir. Tağlar dəyirmi sütunlar üzərində dayanır və günbəzdə birləşir. Ziyarətgahın döşəməsi yonulmuş daş plitələrdən işlənib. Abidə fasad tərəfdən nəbati ornamentlərlə bəzədilib. Türbə dəmir hasarla əhatələnib.

Abu Turab türbəsi ölkə əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr:

  1. Qılman İlkin. Bakı və Bakılılar. Bakı-2006.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. http://www.anl.az
  4. https://scwra.gov.az
  5. https://kaspi.az