İmam Cavad (ə.s) məktəbi onlayn dərslər üçün tələbələ qəbulu elan edir. Dərslər rusdilli şəxslər üçün nəzərdə tutulub və bir sıra İslam elmlərini əhatə edəcək. Bu barədə məktəbin telegram səhifəsində və “Доводы” youtube kanalında məlumat verilib.

Dərslərə qatılmaq üçün ilahiyyatçı Ceyhun Məmmədova telegram vasitəsilə müraciət etmək lazımdır. Məlumata görə, tədris prosesi yanvar ayının sonlarında başlayacaq. Dərslərin mədrəsə bitirmiş şəxslər və tələbələr tərəfindən keçiriləcəyi bildirilib. Tədris telegram vasitəsilə video və audio zənglər formatında ödənişsiz şəkildə keçiriləcək.

Məlumata görə, onlayn məktəbdə əqaid, məntiq, təcvid, qiraət, Quran təfsiri, tarix, fiqh və digər elmlər üzrə dərslər təşkil olunacaq. Qeydiyyat üçün telegram səhifəsindəki formanı doldurmaq lazımdır. Orada tələbənin adı, soyadı, yaşadığı ölkə və şəhərin adı, cinsi, yaşı, tədris üçün seçdiyi fənlər və əlaqə nömrəsi qeyd olunmalıdır.

İmam Cavad (ə.s) məktəbi Rusiyada yaşayan Əhli Beyt (ə.s) tərəfdarlarının təşəbbüsü ilə fəaliyyət göstərir. Azərbaycanda dini mədrəsələr olsa da, orada rusdilli insanlar üçün dərslər keçirilmir. Bu səbəbdən həmin şəxslər fərdi şəkildə rusdilli müəllimlərə və onlayn hövzələrə müraciət edir.