Milli Məclisin deputatı Razi Nurullayev yas mərasimində iştirak edərək karantin qaydalarını pozub. Bu haqda yanvarın 3-ü dövlət rəsmisi öz facebook hesabında paylaşım edib.
Məlumata görə, deputat İmişli rayonunda təşkil edilən bir neçə yas mərasimində iştirak edib. “İmişlidə bir neçə yas mərasimində iştirak etdim, xəstələrə baş çəkdim, görüşlər keçirdim”, – Razi Nurullayev yazıb.
Dekabrın 14-dü Milli Məclisin plenar iclasında Razi Nurullayev yas mərasimlərinin keçirilməsinə icazə verilməsini istəyib. “Mənə müraciət edən onlarla din xadimləri adından Operativ Qərargahdan bu məsələyə də operativ baxılmasını istəyirəm”, – deyə deputat qeyd edib.
COVID-19-a görə 2020-ci ilin 13 mart tarixindən etibarən Azərbaycanda dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərinin təşkili qadağan edilib.