Bugün, yanvarın 2-si Milli Qəhrəman şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Onun dünyaya gəlməsindən 47 il ötür.

Şəhid Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələnin Vəndam kəndində anadan olub. O, uşaq yaşlarından ailəsi ilə birgə Sumqayıt şəhərinə köçüb və orta təhsilini oranın 24, sonra isə 34 saylı məktəbində alıb. Polad Həşimov ali təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə başa vurub və hərbçi olub.

2003-cü ildə, mayor olduğu dönəmdə Milli Qəhrəmanımız Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 2009-cu ildə isə o, polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə mükafatlandırılıb. 2014-cü ildə Polad Həşimova III dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim edilib. O, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də mükafatlandırılıb. 2019-cu ilin iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. Sonralar o, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi vəzifəsində çalışıb.

2020-ci ilin iyulun 14-də general-mayor Polad Həşimov Tovuz istiqamətində ermənilərə qarşı aparılan döyüşlər zamanı şəhid olub. Onun cənazəsi ilk olaraq Vəndam kəndinə, sonra isə Sumqayıt şəhərinə aparılıb. Şəhidin nəşi II Fəxri Xiyabanda onunla birlikdə şəhid olan polkovnik İlqar Mirzəyevin yanında dəfn edilib.

9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamına əsasən, Polad Həşimova “Azərbaycanın Milli Qəhrəman” adı verilib. Hazırda Qəbələdə Şəhidlər Xiyabanının yerləşdiyi küçə onun adını daşıyır. Ötən ilin aprel ayında isə Bakının Xətai rayonunda yerləşən Naximov küçəsinin adı Milli Qəhrəmanımızın adına dəyişdirilib. Həmçinin 2020-ci ildə Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adına yeni park salınıb.