Bugün , yanvarın 2-si Ayətullah Nimrin edam edildiyi gündür. Mərhum alim 2016-cı ildə Səudiyyə Ərəbistanında edam edilib.
Ayətullah Baqir ən-Nimr 21 iyun 1959-cu ildə Səudiyyə Ərəbistanında, Qətif şəhərinin əl-Əvamiyə qəsəbəsində anadan olub. O, 10 il müddətində İranın Qum şəhərində, daha sonra isə Suriyada dini təhsil alıb.
Təhsilini bitirdikdən sonra Baqir ən-Nimr ölkəsinə qayıdıb və dini təbliğatla məşğul olmağa başlayıb. Mərhum alim Səudiyyə şiələri arasında böyük ehtiram və nüfuz sahibi idi.
2012-ci ildə Ayətullah Nimr ölkənin şərqində yaranan iğtişaşalarda günahkar bilindiyinə görə həbs edilib. Həbs olunarkən o, polis tərəfindən ayağından yara alıb. Alimin həbsi ölkədə etirazlara səbəb olub. Buna baxmayaraq 2015-ci ildə Səudiyyə Krallığı məhkəməsi fəqihə edam hökmü verib. 2016-cı ilin yanvarın 2-də isə 56 yaşlı Ayətullah Baqir ən-Nimr edam edilib. Onun nəşi ailəsinə təhvil verilməsə də müsəlman qəbiristanlığında dəfn edilib.
Alimin qətlə yetirilməsi bir sıra müsəlman ölkələrində etiraza səbəb olub. Qətif sakinləri küçələrə axışaraq yürüş keçiriblər. Lakin polis etirazçıları gözyaşardıcı qaz ilə dağıdıb.