İlahiyyatçı Şeyx Sərdar Babayevin saxlanılma müddəti uzadılıb. Məhkəmənin qərarı ilə o, aprelin 19-dək həbsdə saxlanılacaq. Bu barədə maide.az telegram kanalında məlumat yayılıb.

Məlumata əsasən, Sərdar Babayev DTX-nın İstintaq Baş İdarəsinə aparılıb. Müstəntiqin sözlərinə görə, araşdırmalar hələ ki davam edir. Bu səbəbdən həbsdə saxlanılma müddəti uzadılıb.

Vəkil öz növbəsində Sərdar Babayevin həbsdə saxlanılmasına ehtiyac olmadığını bildirib. O, ilahiyyatçının daimi yaşayış yerinin olmasını və onun istintaqdan yayınmaq niyyətində olmadığını söyləyib. Ruhaninin vəkili Cavad Cavadov verilən qərarı apellyasiyaya şikayət etsə də, Səbail Rayon Məhkəməsinin qərarı dəyişməyib.

Maide.az saytının rəhbəri, ilahiyyatçı Sərdar Babayev oktyabrın 21-i DTX tərəfindən həbs edilib. Din xadimi Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib. Bundan öncə o, 2017-ci ildə dini təbliğat tələblərini pozduğuna görə 3 il müddətində azadlıqdan məhrum edilib. 2020-ci ilin fevral ayında isə azadlığa buraxılıb.