Quranda dualar haqqında belə nəql olunur: “Bəndələrim səndən Mənim barəmdə soruşduqda (söylə): Mən onlara yaxınam və Məni çağıran kəsin duasına cavab verərəm”. (Bəqərə, 186)

Quranda daha bir neçə ayələrdə nəql olunur ki, Allah duaları qəbul edər. Belə ayələr olduğu halda, insanları “bəs nəyə görə mənim dualarım qəbul olunmur?” kimi sual narahat edir. Bu barədə sirat.az oxucular üçün məlumat toplayıb.

Bizim həyatımızda baş verən hadisələr dünya nizamının bir hissəsidir. Həmin hadisələrə kompleks şəkildə yanaşmaq lazımdır. Hər bir əməlin və hadisənin bizim anlamadığımız səbəbi və nəticəsi var. Məsələn, bir savab iş bir neçə günahı, bir günah isə bir saleh əməli silə bilər. Bəzən bir əməlin nəticəsi müəyyən vaxt keçdikdən sonra öz əksini tapır. Lakin adətən insanlar bunu təsadüf və ya ədalətsizlik kimi qəbul edir. Eləcə də, duaların qəbul olmamasının səbəbi keçmiş pis əməllərin təsiri və ya kompleks şəkildə insanın fəaliyyətlərinin nəticəsi ola bilər.

Dua Allah ilə insan arasındakı rabitədir. Duanın öz şərtləri, qaydaları və qəbul olunmasına mane olan səbəblər var.

Bu məqalədə duaların müstəcab olmamasının səbəblərinə toxunulub. Bunlar:

  1. Günahlar;
  2. Zülm (İmam Sadiq (ə.s): “Allah buyurub: And olsun izzət və cəlalıma, əgər məzlum özünə olan zülm kimi bir zülmü başqasına qarşı edibsə, onun zalım barəsində etdiyi dua və lənəti qəbul etmərəm”) (Biharul-Ənvar, c.75, səh.312, hədis 20);
  3. Düzgün olmayan etiqad (duanın qəbul olunmasına şübhə etmək);
  4. Duanın Allahın hikmətinə uyğun olmaması (Məsələn, kiminsə ölümünü dua etmək);
  5. Haram qida qəbul etmək;
  6. Haram qazanc;
  7. Boynunda kiminsə haqqı olması (İmam Sadiq (ə.s): “Sizlərdən hər kim dualarının qəbul olunmasını istəyirsə, öz qazancını təmiz etsin və insanların haqqını ödəsin. Qarnında haram mal və boynunda bir kəsin haqqı olan insanın duası Allah dərgahına qalxmır”) (Biharul-Ənvar, c.93, səh.321 , hədis 31);

İmam Sadiqdən (ə.s) nəql olunan hədisdə duaları qəbul olunmayan dörd nəfər qeyd olunur: Evində oturub “ey Allahım, mənə ruzi yetir!” deyən kişinin, öz xanımına lənət edən kişinin, var-dövlətini hədərə verən kişinin, öz malını sənəd və şahid olmadan başqasına borc verən şəxsin. (əl-Dəəvat, səh.33).