Azərbaycanlı aktyor Kamran Həsənlinin dinə baxışı sosial şəbəkələrdə tənqidə səbəb olub. Sənətçi öz fikirlərini dekabrın 25-i “AStar” youtube verlişindəki müsahibəsində bildirib.
Aktyor məsciddə daxil olarkən ayaqqabıların çıxarılması vacibliyinə öz etirazını bildirib. O, həmçinin qadın və kişilərin bir-birindən ayrı ibadət etməsindən də narazıdır: “İndi bizim məscidə gəlirəm. Qadınlar ayrı, kişilər ayrı. Girən kimi deyirlər ki, ayaqqabını çıxar. Niyə axı çıxarım?”. O, hesab edir ki, dinlərin dəyişikliyə ehtiyacı var. Sənətçi hamının Allahın övladı olmasını bildirərək, kişi və qadının birlikdə ibadət etməsini daha düzgün hesab etdiyini söyləyib. Buna misal olaraq isə o, Məkkədə kişi və qadın zəvvarların birlikdə ibadət etməsini vurğulayıb.
Bundan əlavə Kamran Həsənli insanın oruc tutarkən susuz qalmasının sağlamlığa ziyan vurduğunu deyib. “Bədən neçə saat susuz qala bilməz”, – deyə sənətçi əlavə edib.
Aktyorun sözlərinə görə, onun Allaha inancı var, lakin dinə inanmır. Kamran Həsənli Tanrını insan daxilində olan vicdan hesab edir. “Allah hər bir adamın içindədir və biz hər birimiz onun zərrəsiyik”, – deyə şoumen qeyd edib. O hesab edir ki, əgər Allah insanın içindəki səsdirsə və onunla danışırsa o zaman ibadətgahlara getməyin mənası yoxdur. “Məscidə, kilsəyə, sinaqoqa nə ehtiyac var? Özüm məbədəm də mən, mənimlə danışır”, – Kamran Həsənli deyib.
Sosial şəbəkələrdə sənətçinin dinə olan baxışı bir çoxları tərəfindən qınanılıb. Bəziləri məscidin Allah evi olduğunu sözləyərək, aktyorun öz evində də ayaqqabıda qəzdiyini sual ediblər. Bir sıra istifadəçi isə Prezident İlham Əliyevin Qarabağ məscidlərinə daxil olarkən ayaqqabılarını çıxarmasını əxlaq nümunəsi olaraq qeyd ediblər.