Türbə Qazax rayonunun Aslanbəyli kəndinin qəbiristanlığında yerləşir. Ziyarətgah 1893-cü ildə inşa edilib. Abidə “Göy türbə” kimi də tanınır. Türbədə Hacı Mahmud Əfəndi Qaraninin və onun yaxın dostu Seyyid Yasinin məzarları yerləşir.
1835-1896-cı illərdə yaşamış Hacı Mahmud Əfəndi öz dövrünün tanınmış din xadimi olmuşdur. O, dini təhsilini Türkiyədə almışdır. Yaxın dostu və məsləkdaşı olan Seyyid Yasinin 1892-ci ildə vəfatından sonra Hacı Mahmud Əfəndi onun məzarı üstündə türbə ucaldır. Üç il sonra özü də vəsiyyəti ilə orada dəfn edilir. Deyilənə görə, abidəni Borçalının ustaları inşa edib. İnşaya Hacının kürəkəni Daşsalahlı Mustafa bəy Miralayev rəhbərlik edib.
Türbə düzbucaqlı formaya malikdir və daş plitələrlə üzlənib. Ziyarətgahın bir giriş qapısı və iki pəncərəsi var. Giriş qapısından içəridə, sol tərəfdə Hacı Mahmud Əfəndinin, sağ tərəfdə isə Seyyid Yasin Əfəndinin qəbrləri yerləşir. Baş daşlarında farsca yazılar həkk olunub. Türbənin bir günbəzi var. Günbəz ornament və kitabələrlə bəzədilib. Burada çatma tağlar inşa edilib.
Sovet dövründə ziyarətgahın üstündə olan qızıl ay və ulduz rəmzi oğurlanıb. Lakin qadağalara baxmayaraq, türbə ziyarət olunub. 1987-ci ildə ziyarətgah nəzirlər hesabına təmir olunub.
Hacı Mahmud Əfəndi türbəsi yerli əhəmiyyətli abidə hesab olunur.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- http://qazax.biz
- https://www.youtube.com