Azərbaycanlı fəqih Şeyx İbrahim Hairi Lənkərani İslamın böyük alimlərindən idi. Onun doğum tarixi ilə bağlı bir neçə fikir mövcuddur. Məhşur bir nəzəriyyəyə əsasən, Şeyx Hairi dünyaya 1860-1865-ci illərdə gəlib. Digər bir ehtimala görə isə alim dünyaya 1815-ci ildə göz açıb. Hər iki halda onun lənkəranlı olduğu bildirilir.
Şeyx Hairi İslam elmlərinin müqəddiməsini Lənkəranın yerli din xadimlərindən öyrənib. “Məşahir əl-mədfunin fil səhn əl-Ələviyy əl-şərif” kitabında qeyd olunub ki, 1884-1885-ci illərdə İbrahim Hairi təhsilini davam etdirmək üçün İraqın Kərbəla şəhərinə köçüb. Orada ona ustadlığı Əllamə Fazil Ərdəkani edib.
Bir müddət sonra elmini təkmilləşdirmək üçün İbrahim Lənkərani Nəcəf şəhərinə yollanır. Nəcəfdə ona Muhəmməd Fazil İrəvani, Mirzə Həbibullah Rəşti və Fazil Şərəbyani ustadlıq edirlər. Onlardan təhsil alaraq, Şeyx Hairi ictihad dərəcəsinə yüksəlir.
İbrahim Lənkəraninin insanlar arasında hörmət və nüfuz sahibi olduğu bildirilir. Xalq arasında Şərəbyanidən sonra məhz Hairinin mərcei-təqlid olacağı ehtimal edilirdi. Mərhum alim həmçinin İmam Əli (ə.s) hərəmində camaat namazlarına başçılıq edirdi. O, 15-dən artıq elmi əsərin müəllifi olub. Bu əsərlərin arasında şəriət, üsuli-fiqh, ədalət və hədisşünaslıq kimi mövzularda kitablar yer alıb.
Şeyx İbrahim Hairi Lənkərani 1896-cı il sentyabrın 25-də Nəcəfdə vəfat edib. O, İmam Əlinin (ə.s) hərəmində dəfn olunub. Hairinin qıldığı camaat namazlarına isə azərbaycanlı alim Molla Məhəmməd Əli Naxçıvani başçılıq etməyə başlayıb.
Mənbələr:
- Natiq Rəhimov. Azərbaycanın din alimləri. Bakı-2014.
- aypara.tv