İslam şəriətinin insana vacib olma şərtlərindən biri onun yetkinlik yaşına çatmasıdır. Qız və oğlanın həddi-büluğa çatması aşağıdakı qaydalara uyğun müəyyən edilir.

Qızlar üçün yetkinlik əlaməti hicri qəməri təqvimi ilə 9 yaşın tamam olmasıdır. Oğlanların həddi-büluğa çatmasının isə dörd əlaməti var:

  1. qarnın altında, cinsiyyət orqanının üstündə sərt tüklərin çıxması;
  2. üzdə və dodağın üstündə sərt tüklərin çıxması;
  3. istər ayıq halda, istərsə yuxuda məni (sperma) ifrazı;
  4. qəməri təqvimlə 15 yaşın tamam olması.

Qeyd olunan ilk üç əlamət müşahidə olunmasa, yetkinlik dövrü 15 yaşdan hesab olunur. Sinə və qoltuq nahiyəsində sərt tüklərin çıxması və səsin qalınlaşması həddi-büluğ əlaməti hesab edilmir.

Bəzən insanlar öz təvəllüdlərini qəməri təqvimi ilə bəlli edə bilmirlər. Bunun üçün qızlar miladi təqvimlə 9, oğlanlar isə 15 yaşlarının tamam olduğu günü müəyyən etməlidir. Sonra həmin tarixi qızlar 97, oğlanlar isə 162 gün geriyə çəkməlidirlər.