Məscid Bakı şəhərinin Nardaran qəsəbəsində yerləşir. İbadətgahın hicri-qəməri təqvimi ilə 1663-cü ildə inşa olunduğu haqda giriş qapısının üstündəki kitabədə məlumat verilir. İbadət evi kənd sakini Hacı Baxşının sifarişi ilə memar Murad Əli tərəfindən tikilib. Ərəb dilində yazılmış iki sətirlik kitabədə bu sözlər yazılıb: “İnşaatın rəhbəri Baxşı Əli oğlu Mirzə Məhəmməd. Memar ustad Murad Əlinin işi”.
İbadət evi “Şah Abbas məscidi” kimi də tanınır. Buna səbəb isə, bu tikilinin səfəvilərin hakimiyyətdə olduğu illərdə II Şah Abbasın sifarişi ilə inşa olunmasıdır. Qədim dövrlərdə səfəvilər məscidin yanında böyük karvansaray da inşa etdirib ki, bu da Nardaranın həmin dövrdə iri ticarət yollarının üstündə yerləşdiyini bir daha sübut edir. Son illərdə bu karvansarayda əsaslı restavrasiya işləri aparılıb. Hacı Baxşı məscidinin inşasına kənd sakini sərkər Hacı Baxşı rəhbərlik edib.
İbadətgahın tavanı dörd sütun üzərində dayanır. Sütunlar tağlarla bir-birinə birləşib. Sütunlar sal daşlarla işlənib. Məscidin bir günbəzi var, lakin minbəri, minarəsi yoxdur.
İbadət evi iki əsas hissədən ibarətdir. Birinci hissə mərkəzində dörd sütun olan kvadrat ibadət zalıdır, ikinci hissə isə ona birləşən giriş portalıdır. Binanın digər otaqları tağvari tavan örtüyünə malikdir. Əsas girişdən başqa, şərq divarında ikinci giriş qapısı inşa olunub.
1868-ci ildə məsciddə təmir işləri aparılıb.
Hacı Baxşı məscidi yerli əhəmiyyətli tarixi abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://hemidmecid.wordpress.com