Məşhəddə İmam Rza (ə.s) hərəminin virtual ziyarəti proqramı tərtib edilib. Bu haqda dekabrın 21-i hərəmin saytında xəbər verilib.

COVID-19 səbəbindən bir çoxları müqəddəs ziyarətgaha üz tuta bilmir. Bu məqsədlə hərəmin 3D vizual görüntüsünü əks etdirən proqram hazırlanıb. Proqramda hərəmin görüntüləri panorama şəklində həm real, həm də kompüter qrafikası ilə nümayiş olunur. Hərəmin ərazisində oxlar vasitəsilə hərəkət etmək də mümkündür. Tətbiqdən yararlanmaq üçün haramvr.ir linkinə keçid etmək lazımdır. Proqrama telefon, planşet və kompüter ilə daxil olmaq mümkündür. Buranı VR adlanan virtual eynək vasitəsilə ziyarət etmək imkanı da var.

Proqramda gecə və gündüz rejimləri mövcuddur. Həmçinin ziyarət zamanı günün istənilən saatını və ya ilin fəslini (hava şəraitini) seçmək olar. Reallığın artırılması məqsədilə ziyarətçilərin və duaların səsləndirilməsi funksiyasını işə salmaq da mümkündür.

Proqramın hazırlanmasına iki ildən çox vaxt sərf olunub. Hazırda tətbiq ərəb, fars, ingilis və urdu dillərini dəstəkləyir. Gələcəkdə virtual ziyarətin daha da təkmilləşdirilməsi gözlənilir.