Dini klipin çəkildiyi məkəbin direktoru cəzalandırılıb. Təhsil ocağının rəhbəri barəsində intizam tədbiri görülüb. Bu haqda dekabrın 21-i APA xəbər verib.
Dünən keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev bildirib ki, məktəb binası hansısa dini, siyasi mesajların paylaşılması üçün yer olmamalıdır. “Hadisə bazar günü baş verib, valideynlər də iştirak edib. Biz məktəblərdə bu tip fəaliyyətin olmasını qeyri-qanuni hesab edirik”, – deyə nazir əlavə edib.
Emin Əmrullayevin sözlərinə görə, hər kəs istənilən mövzuda klip çəkdirə bilər, lakin onun məktəbdə çəkilməsi təhsil prosedurlarına ziddir. O, həmçinin maarifləndirmə üçün Təhsil Nazirliyindən icazə alınmasının vacibliyini vurğulayıb.
Dekabrın 5-i məddah Seyyid Peyman Boradigahi “12 İmam” adlı klip çəkdirib. Lakin həmin klipin məktəbdə azyaşlıların iştirakı ilə çəkilməsi bir sıra insanların qınağına səbəb olub. Tənqidlər üzündən sənətçi klipi silərək yenisini çəkmək qərarına gəlib.