Milli Məclisin Deputatı Qüdrət Həsənquliyev Qarabağda və Zəngəzurda kazinoların açılmsını təklif edib. O bu təklifi 20 dekabr tarixində parlamentin plenar iclasında “Turizm haqqında” qanunun müzakirəsi zamanı öz çıxışında çatdırıb. Bu barədə Report xəbər verib.
Onun sözlərinə görə, ölkədə mövcud qiymətlərlə nə xarici, nə də daxili turizm inkişaf edəcək. “İnsanlar evində oturub bozbaş yeməyə üstünlük verəcək. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır”, – deyə deputat bildirib.
O əlavə edib ki, dünyanın müxtəlif ölkələrində kazino var, ancaq Azərbaycanda yoxdur. “Rusiyada bu müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir”, – Qüdrət Həsənquliyev deyib.
İslamda qumar haram sayılır. Qumar insanları halal qazancdan yayındırır və onların arasında ədavət və kin salır.
“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?” (Maidə, 90-91)
“Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma, günahları mənfəətlərindən daha böyükdür”” (Bəqərə, 219)
Azərbaycanda kazino 1998-ci ildən prezident Heydər Əliyevin sərəncamı ilə qadağan olunub.