İslamda şahmat, kart və bilyard kimi stolüstü oyunarın oynanılmasında alimlər arasında bəzi fikir ayrılıqları mövcuddur. Hökmlər arasında fərqliliklər əsasən şahmata aid edilir.

Seyyid Əli Sistaninin hökmünə əsasən, şahmat, kart, nərd, domino və bilyard oynamaq icazəli deyil. Qeyd olunan oyunlar pul ilə oynanılarsa haramdır və vəcib ehtiyata əsasən pul ilə oynanılmasa belə icazəli deyil.

Ayətullah Xameneidə də hökm eynidir. Lakin şahmat məsələsində fərqlilik var. Belə ki, əgər bir şəxsin yaşadığı məntəqədə şahmat qumar aləti hesab edilmirsə, o zaman onun oynanılması icazəlidir. Buna misal olaraq şahmatı qumar deyil, idman növü kimi dəyərləndirmək olar.

Ayətullah Məkarim Şirazinin stolüstü oyunlar barədə hökmü Seyyid Sistaninin hökmləri ilə eynilik təşkil edir. Alimin fətvasına görə, sadalanan bütün oyunlar qumar növü hesab edilir.

“Ping Pong” adlı stolüstü tennis oyunu barədə isə şəriətdə bir qadağa yoxdur. Təbii ki, icazəli oyunları pul əvəzinə oynamamaq şərti ilə. Lakin əgər idman yarışı keçirilirsə qalib tərəf mükafat götürə bilər.