Əhli-sünnə alimi Mövlana Qargic Ruminin Əhli Beyt (ə.s) barədə söylədikləri müsəlmanlar arasında geniş tənqidə səbəb olub. Bu barədə news.bagherpoor-kashani xəbər verib.

Məlumata görə, İranın Gülüstan əyalətinin imam cüməsi Mövlana Qargic Rumi öz xütbəsində İmaməti təhqir edib. Onun sözlərinə görə, Ömər ibn Xəttabın İranı fəth etməsi İmam Hüseynin (ə.s) Sasani şahı III Yəzdigirdin qızı Şahrəbanu ilə evlənməsinə səbəb olub. Bu evlilikdən digər 9 İmam (ə.s) dünyaya gəlib. “Deməli, Ömər ibn Xəttabın xilafətini qəbul etməsək, İmamların və onların nəslinin etibarlığını şübhə altına almış olarıq”, – deyə Mövlana Qərgic qeyd edib.

Məsələ nəyinki şiə, hətta sünni alimlərinin arasında qınağa səbəb olub. Məşhəd alimləri, Ayətullah Duzduzani, Ayətullah ŞahudiAyətullah Cavad Fazil Lənkərani  kimi böyük müctəhidlər öz bəyanatlarında imam cüməsinin belə çıxışını qınayıblar. Onların sözlərinə görə, İmaməti (ə.s) təhqir etmək Peyğəmbəri (s) təhqir etmək deməkdir. Bu isə İslam və müsəlmanlara qarşı hörmətsizlik hesab edilir.

Əhli-sünnə alimi Əbdür-Rəzzaq Rumi isə Qargicin sözlərinə cavab olaraq deyib: “Şöhrət qazanmağın yolu müqəddəsləri təhqir etmək deyil. Belə insanlara dəyər verdiyimiz üçün günahkarıq”.

Daha sonra Mövlana Qargic dediklərinə görə üzr istəyib. “Sözlərim səhv başa düşülbsə bütün sevdiklərimdən üzr istəyirəm. Qəlbində Peyğəmbər (s) və onun pak Əhli Beytinin (ə.s) məhəbbəti olmayan və onların əməllərinə tabe olmayan sünnilər sünni deyillər”, – deyə alim bildirib.

Tarixə görə, İmam Hüseynin (ə.s) xanımının III Yəzdigirdin qızı Şahrəbanu olması tam olaraq sübuta yetirilməyib. Mürtəza Mütəhhəri, Seyyid Cəfər Şahidi və Doktor Əli Şəriəti kimi ilahiyyatçı və tarixçilər İmam Hüseynin Şəhrəbanu ilə evlənməsi rəvayətini rədd ediblər.