Həcc və Ümrə ziyarətinə qoyulan yaş həddi 12-yə endirildi. Bu barədə dekabrın 15-i İQNA xəbər verib.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi yeni qərarın həm yerli, həm də xarici vətəndaşlara aid olduğunu bildirib. Lakin ziyarətgaha daxil olan hər kəsin peyvənd pasportu olmalıdır.
Bu ilin iyun ayından etibarən Səudiyyə Ərəbistanında 12-18 yaşlı yeniyetmələr arasında vaksinasiya prosesinə başlanılıb. Lakin bəzi ölkələrdə bu yaş həddi 18-dən yuxarı olmaqda qalır. Bu da o deməkdir ki, Azərbaycandan Həcc və Ümrəyə yalnız yaşı 18-dən yuxarı olan vətəndaşlar səfər edə biləcək.
2020-ci ilin mart ayında Səudiyyə Ərəbistanı koronavirusa görə Ümrə ziyarətinə zəvvarların qəbulunu dayandırıb. Bu ilin avqust ayından etibarən 18-70 yaş arası peyvənd olunmuş şəxslərin ziyarətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Noyabr ayından isə 70-dək olan yaş həddi də yığışdırılıb. COVID-19-a görə son iki ildə Azərbaycandan Həcc ziyarətinə yollanan olmayıb. Lakin bu il dekabrın 2-dən 9-na qədər azərbaycanlı zəvvar qrupu Ümrəyə (kiçik Həcc) göndərilib. Növbəti Ümrə ziyarəti 2022-ci ilin yanvarın 13-də planlaşdırılır. Sənəd qəbulu artıq başlayıb.