Son zamanlar Böyük Britaniya mediası müsəlmanlara qarşı qərəzli məqalələr dərc edir. Bu barədə Anadolu Agentliyi xəbər verib.
2018-ci ilin oktyabrından 2019-cu ilin sentyabrınadək 48 000-dən çox məqalə və 5 500 televiziya xəbəri təhlil edilib. Məlumata görə, materialların təqribən 60%-nin İslam və müsəlmanlarla mənfi bağlılığı olub.
Araşdırmanın nəticələri haqqında Britaniyanın İslam Şurasının prezidenti Zara Məhəmməd və Media Monitorinq Mərkəzinin təsisçisi Miqdad Firsi məlumat verib. Nəticələr ölkə mediasının islamofob yönümlü düşüncələrə sahib olduğunu göstərib.
“Görüləcək çox iş var, lakin biz ümid edirik ki, jurnalistika və media standartları mütləq yaxşıya doğru inkişaf edəcək və bu standartlarda müsəlman icmalarına eyni şəkildə yanaşılacaq”, – deyə Zara Məhəmməd qeyd edib.
Britaniyada yaranan islamofobiyaya baxmayaraq, müsəlmanlar öz ictimai fəaliyyətini dayandırmırlar və ölkədə İslam inkişafı irəliləməkdə davam edir. Bu ilin dekabrında ölkədə “Hussain and the struggle for justice” (Hüseyn və adalət uğrunda mübarizə) adlı kitab nəşr olunub. Ötən ildə isə Məhəmməd adı Böyük Britaniyada 5 ən məşhur adlar arasında yer alıb.