Azərbaycanda Ümrə ziyarətinə qeydiyyat başlayıb. Bu barədə dekabrın 14-də APA xəbər verib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin sözlərinə görə, kiçik Həccə səfər 2022-ci ilin 13 yanvar tarixlərində baş tutacaq. Yola düşəcək qrupda təxminən 25 nəfərin olacağı planlaşdırılır.

Məlumata görə, ziyarətçilər mütləq şəkildə ən azı bir doza “Pfizer” vaksini ilə peyvənd olunmalıdırlar. “İki doza “Sinovac” vurulsa belə, Səudiyyə Ərəbistanı bunu qəbul etmir. Həmin vaksini vurduranlar mütləq bir doza “Pfizer” vurdurmalıdır. Amma əvvəl “Sinovac” vurulmayıbsa, mütləq iki doza “Pfizer”lə getmək mümkündür”, – QMİ-nin şöbə müdiri qeyd edib.

Zəvvarlar 5 gün Məkkədə, 3 gün isə Mədinədə qalacaqlar. Ziyarətə həm Azərbaycan vətəndaşları, həm də Azərbaycanda yaşayış icazəsi olan əcnəbilər yollana bilər. QMİ rəsmisi səfər üçün tələb olunan məbləğin təqribən 1440 dollar təşkil etdiyini bildirib. Qiymətə təyyarə bileti, VİP hotel, qidalanma, transfer və səfər boyunca QMİ-nin təcrübəli rəhbərləri tərəfindən ayinlərin icrası və tarixi-dini abidələrlə bağlı məlumatların verilməsi daxildir. Həmçinin ziyarətçilər tələb olunan sığorta ilə təmin ediləcəklər. Bildirilib ki, ehram libası, zəm-zəm suyu və Azərbaycana qayıdarkən PCR testi zəvvarlara hədiyyə olunacaq. Ziyarətə qoşulmaq istəyən şəxslər QMİ ilə əlaqə saxlaya bilərlər.

“Ziyarəti müxtəlif turizm şirkətləri də həyata keçirir, ancaq bu zaman onların təhlükəsizlikləri ilə bağlı tam zəmanət verilmir. Çünki bunlar sıravi şirkətlərdir, QMİ isə dini mərkəzdir”, – deyə Vüsal Cahangiri bildirib.

2020-ci ilin mart ayında Səudiyyə Ərəbistanı koronavirusa görə Ümrə ziyarətinə zəvvarların qəbulunu dayandırıb. Bu ilin avqust ayından etibarən 18-70 yaş arası peyvənd olunmuş şəxslərin ziyarətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Noyabr ayından isə qoyulan yaş həddi də yığışdırılıb. Pandemiyadan sonra Azərbaycandan ilk zəvvar qrupu dekabrın 2-dən 9-na qədər Ümrə ziyarətini həyata keçirib.