Azərbaycanın tanınmış İslam alimlərindən olan Ayətullah Seyyid Əli Salyani 1870-ci ildə Salyan şəhərində dünyaya gəlib.
Seyyid Salyani ilkin dini təhslini doğma şəhərində alıb. Bir müddət sonra o, Masallı, daha sonra isə Lənkəran hövzəsinə yollanıb. Lənkəranda oxuduğu müddət ərzində Əli Salyani üsuli-fiqh sahəsində ali dərəcəyə yüksəlib.
1898-ci ildə Seyyid Əli İraqın Nəcəf şəhərinə köçüb. O orada Ayətullah əl-üzma Fazil Şərəbyani, Ayətullah əl-üzma Seyyid Kazım Təbatəbai Yəzdi və Ayətullah əl-üzma Axund Kazım Xorasanidən dərs alıb.
1923-cü ildə təhsilini bitirdikdən sonra alim vətəninə qayıdıb. Salyanda o, dini maarifləndirmə və təbliğat ilə məşğul olub. Lakin sovet hakimiyyətinin gəlişi ilə Seyyid Əli digər ruhanilər kimi təzyiq və təhdidlərə məruz qalıb. Bir çox azərbaycanlı alimləri qətlə yetirən bolşeviklər Əli Salyanini də ölümlə hədələyiblər. Bu səbəbdən o, İranın Təbriz şəhərinə köçüb. Alim öz ailəsini də Təbrizə gətirmək arzusu ilə yaşayırdı.
1951-ci ildə Ayətullah Seyyid Əli Salyani vəfat edib. O, ömrünün sonunadək ailəsini görə bilməyib.
Mənbə: xeberman.com
Şəkil: xeberman.com