Bugün, camadiul-əvvəl ayının 6-sı (11 dekabr) Cəfəri Təyyarın (r.ə) şəhadət günüdür. O, İmam Əlidən (ə.s) sonra İslamı qəbul edən ikinci kişidir.
Cəfər ibn Əbu Talib (r.ə) besətdən 20 il öncə Məkkədə dünyaya gəlib. O, Həzrət Əlinin (ə.s) qardaşı və Peyğəmbərə (s) ən yaxın səhabələrdən biri olub. Atası Əbu Talib, anası isə Fatimə bint Əsədir.
Bir gün o, atası ilə yol gedərkən Peyğəmbərin (s), Həzrət Əlinin (ə.s) və Xanım Xədicənin (s.ə) Məscidul-Hərəmdə namaz qıldıqlarını görüb. Atası Cəfərə onlarla birlikdə ibadətə qoşulmağını əmr edib. Cəfər atasının göstərişinə əməl edib və beləcə İslama gəlib.
Deyilənə görə, Cəfəri Təyyar insanlara qayğı göstərən və başqalarına yardım edən bir şəxs olub. Bu səbəbdən də Peyğəmbər ona “Əbül Məsakin”, yəni yoxsullar atası ləqəbini verib. Tarixdə Həzrəti Peyğəmbərin Cəfərə qarşı böyük məhəbbəti olduğu qeyd edilir. “Camaat dəyişik kök və soylara bağlıdırlar, amma mən ilə Cəfər bir soy və kökdənik”, – deyə Məhəmməd Peyğəmbər (s) buyurub (Səfinətül Behar, cild 1, səhifə 158).
Həzrəti Rəsullulah (s) Cəfərə xüsusi bir namaz da öyrətmişdir. Peyğəmbər ona belə buyurub: “Sənə elə bir şey öyrədim ki, dünyada sənin üçün hər şeydən üstün olsun. Əgər döyüş meydanından qaçmış və günahın səhraların qumları qədər olsa da, Allah səni bağışlayar”. Həmin namaz bugün “Cəfəri Təyyar namazı” kimi tanınır və böyük günahların bağışlanması üçün qılınır.
Müsəlmanları Şərqi Roma İmperiyası ilə döyüşü zamanı (Mutə döyüşü) 41 yaşlı Cəfəri Təyyar şəhadətə çatıb. Döyüşdə həlak olmamışdan öncə onun hər iki qolu kəsilib. Peyğəmbər (s) insanlara onun məqamını uca tanıdıb və Cəfərin xanımına belə deyib: “Allah Cəfərə iki kəsilən qolları üçün ona cənnətdə uçmaq üçün iki qanad hədiyyə etmişdir”.