Bugün, cəmadiul-əvvəl ayının 5-i (dekabrın 10-u) Həzrət Zeynəbin (s.ə) mövlud günüdür. Xanım Zeynəb (s.ə) İmam Əli (ə.s) və Xanım Fatimeyi-Zəhranın (s.ə) üçüncü övladıdır. “Zeynəb” adı ərəb dilindən tərcümədə “atasının zinəti” deməkdir. Rəvayətlərə görə, bu ad Allah tərəfindən Peyğəmbər (s) vasitəsilə nazil olunub.
Həzrət Zeynəb (s.ə) hicri-qəməri təqvimi ilə 5-ci və ya 6-cı ilin cəmadiul-əvvəl ayının 5-də Mədinə şəhərində dünyaya gəlib. Xanımın 5 yaşı olanda babası Peyğəmbər (s) əbədiyyətə qovuşub. Bundan 2-3 ay sonra isə Həzrət Zeynəbin (s.ə) anası Xanım Zəhra (s.ə) şəhadətə çatıb.
Yetkilnik yaşına çatdıqda Xanım Zeynəb (s.ə) İmam Əlinin (ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur. Bu ailədən Əli, Ovn, Abbas, Məhəmməd və Ümmü-Gülsüm adlı uşaqlar dünyaya gəlir. Həzrət Zeynəbin (s.ə) İmam Hüseynə (ə.s) qarşı sevgisi çox olduğundan, o həyət yoldaşı ilə əhd bağlayır ki, nə vaxt İmam Hüseyn (ə.s) səfərə düşərsə, Xanım Zeynəb də (s.ə) onunla gedəcək.
Həzrəti Zeynəbin (s.ə) 35 yaşı olduqda İmam Əli (ə.s), 10 il sonra İmam Həsən (ə.s) daha 10 il sonra isə İmam Hüseyn (ə.s) şəhadətə çatırlar. Xanım Zeynəbin (ə.s) ən ağır günləri Kərbəla faciəsi olur. Həmin döyüşdə onun iki övladı Ovn ilə Məhəmməd şəhid olurlar. Kərbəladan sonra Xanım Zeynəb Əhli Beyt əsirləri ilə Şama aparılır. Orada o, Yezidin qarşısında tarixi xütbə deyir. Bu xütbə əsrlər boyunca dillərdə əzbərdir.
Xanım Zeynəbin (s.ə) həyat hekayəsinə görə ona “müsibətlər anası” adı verilib. Peyğəmbər (s) buyurmuşdur: “Ümmətimə tövsiyə edirəm ki, bu qızın hörmətini qoruyub saxlasınlar. Həqiqətən, o, Xədiceyi-Kubraya bənzəyir”. Bu o deməkdir ki, Xədiceyi-Kubranın (s.ə) İslamda fədakarlıqları kimi Xanım Zeynəb (s.ə) də fədakarlıqları, dözümlülüyü, şücaət və mübarizəsi ilə tanınır.
Xanım Zeynəb (s.ə) hicrətin 62-ci ilinin rəcəb ayının 14-ü 57 yaşında Şam şəhərində vəfat edib. Bugün onun hərəmi milyonlarla insanın ziyarət yerinə çevrilib.