İslam şəriətində 10 nəcasət (napaklıq) var və onlardan ikisi it və donuz hesab edilir. Adı çəkilən hər iki heyvanın hətta tükü, sümüyü və dırnağı kimi ruhsuz hissələri belə natəmizdir. Bu səbəbdən bəzi insanlar düşünürlər ki, itə və donuza toxunmaq dəstəmazı batil edir, lakin bu belə deyil.
Seyyid Sistani, Ayətullah Xamenei, Məkarim Şirazi, Fazil Lənkərani və Ayətullah Xorasani kimi ələm müctəhidlərin istinbatına əsasən, 8 şey dəstəmazı pozur. Həmin məsələlər arasında nəcisə toxunmaq deyə bir bənd yoxdur.
İslam şəriətində hər hansı bir heyvana toxunmaqla bağlı bir qadağa mövcud deyil. Bu isə o deməkdir ki, it və donuza toxunmaq nə haramdır, nə də ki dəstəmazla qüslu pozur. Bu heyvanlarla təmasdan sonra əlləri yumaq (əl ilə toxunulduğu halda) kifayət edir. Lakin bu hökm yalnız nəcasətə nəm halda toxunmağa aiddir. Yəni həm nəcis, həm də ona dəyən bir əşya (və ya insan) quru haldadırsa o zaman nəcəsət pak əşyaya sirayət etmir.
Ov iti istisna olmaqla, digər cins itlərin və donuzun alqı-satqısı caiz deyil. Lakin onlara qulluq üçün istifadə edilən əşyaları almaqda işkal yoxdur. Bundan əlavə, it saxlanılan evdə namaz qılmaq məkruh hesab edilir. Bu hökm yalnız heyvanı evin daxilində saxlamağa aiddir. Bütün sadalanan hökmlər su iti və su donuzuna aid deyil. Onlar pak hesab edilir və bu heyvanların alqı-satqısı halaldır.