İslam Dünyasının 2022-ci ilin paytaxtı Misirin Qahirə şəhəri seçilib. Bu barədə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim əl Malik və Misirin mədəniyyət naziri Abdel Dayem elan edib.

Qahirənin İslam dünyasının Mədəniyyət Paytaxtı kimi təyin edilməsi 2020-ci ildə planlaşdırıldı, lakin COVID-19 səbəbindən bu qərar təxirə salınıb. Təşkilatın baş direktoru bildirib ki, pandemiya bayram proqramını nəzərdən keçirməyə, inkişaf etdirməyə və proqrama daha çox mədəniyyət və incəsənət fəaliyyətlərini əlavə etməyə fürsət verdi.

Bu ilin yanvar ayında ICESCO-nun baş direktoru ADA Universitetində keçirilən mətbuat konfransında bildirib ki, Şuşanın bərpasından və orada normal həyata qayıtdıqdan sonra İslam Dünyasının paytaxtı Şuşa şəhəri seçilə bilər. O, qeyd edib ki, bu mühüm təşəbbüsün həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir.

Azərbaycan 1991-ci ildən ICESCO-nun üzvüdür və təşkilatla yaxından əməkdaşlıq edir. 2006-cı il noyabrın 24-də Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun xoşməramlı səfiri təyin olunub. Azərbaycan ICESCO ilə bir çox beynəlxalq layihələr həyata keçirib. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan edilib.