Azərbaycanda 2021-ci il ərzində uşaqlara ən çox qoyulan adlar Əli və Zəhra olub. Bu barədə Ədliyyə Nazirliyi məlumat verib.

Verilən statistikaya əsasən, bu il dünyaya yenicə gəlmiş körpələrə ən çox dini adlar verilib. Belə ki, oğlan uşaqları arasında ən çox qoyulan ad Əli – 1507 uşaq, qızlar arasında isə Zəhra adı olub – 1498 uşaq.

Bundan əlavə, oğlan uşaqlarının 1425-nə Yusif, 1391-nə Hüseyn, 1352–nə Uğur və 1015-nə Məhəmməd adları qoyulub. Qız uşaqları arasında isə Zeynəb-1171, Məryəm-1130, Fatimə-1071 və Aylin-1070 adları üstünlük təşkil edir.

Ötən ilin statistikasına əsasən, oğlan uşaqlarına ən çox qoyulan ad Yusif (2008), qızlara isə Zəhra (1968) olub. 2014-cü ildən qadın adları arasında hər il birinci yer Zəhra, oğlan uşaqları arasında isə Yusif adları olub. Yalnız bu il statistika dəyişərək Əli adı Yusif adından daha çox olub. Buna baxmayaraq, son 8 ildə körpələrə verilən Əli və Zəhra kimi dini adların sayı hər il azalmağa doğru gedir.