Ocaq Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində, Kərgəlan üç yol ayrıcısının sol tərəfindəki küçənin sağında yerləşir. Ocaq Mir Həsən adlı seyyidin adı ilə bağlıdır.
Miriyev Mir Həsən 1908-ci ildə Lənkəran rayonunun Kərgəlan kəndində seyyid ailəsində anadan olub. O, əvvəl indiki Kərgəlan kənd soveti binasının həyətində məskunlaşıb, sonradan indiki ocaq yerləşən yerə köçüb. Mir Həsən ağanın oğlu Mir Qulam ağanın dediklərinə görə, Mir Həsən ağanın atası seyyid olub və altıncı İmam Cəfəri Sadiqin (ə.s) nəslindən idi.
Mir Həsən ağa 1961-ci ilin yanvar ayında vəfat etmiş və yuyulduğu yerdə onun məqbərəsi tikilmişdir. Mir Həsən ağanın məqbərəsində ikibaşlı əjdaha təsviri olan ələm mövcuddur. Onun oğlunun dediklərinə görə, bu ələm Kərbəla şəhərindən gətirilmişdir.
Mir Qulam ağanın dediklərinə əsasən, bir gün Mir Həsən ağa evə gələrkən, görür ki ev qaranlıqdı və yoldaşına deyir ki, get çırağı gətir. Yoldaşı cavab verir ki, bizim çıraq sönüb və yanmır. Ağa özü gedib çırağı gətirir, yandırır və yoldaşına üzünü tutub deyir: “Ağanın çıraqı heç vaxt sönməz”.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.